Bakı - küləklər şəhəri

  • Ümumi informasiya

    Bakı - Azərbaycan Respublikasının paytaxtıdır. O, nəinki ölkənin, habelə bütün regionun ən iri sənaye, elmi və mədəni mərkəzidir. Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənub hissəsində yerləşən iri limanlardan biridir.

    Bu, gediş-gəlişli və çox maraqlı şəhərdir, burada həyat heç gecələr də səngimək bilmir. Son on il ərzində Bakı çox dəyişmişdir: ticarət mərkəzlərinin, mehmanxanaların və bankların  yeni salınan çoxmərtəbəli binaları qədim tikililərlə çox uyuşur. Bakı 11 inzibati rayona bölünür.

  • Əhalisi, dili, dini etiqadı

    Bakı həmişə çoxmillətli şəhər kimi şöhrət qazanmışdır. Azərbaycanın paytaxtının əhalisi bütün ölkənin etnik tərkibini əks etdirir: burada əsas millət olan azərbaycanlılarla yanaşı, digər millətlərin nümayəndələri də yaşayır.   Onların arasında ləzgilər, talışlar, yəhudilər, ruslar, ukraynalılar, tatarlar, kürdlər, avarlar və s. millətlər də vardır.
    Dövlət dili Azərbaycan dilidir, lakin tarixən rus dili də geniş yayılmışdır. Son illər ölkənin dünya birliyinə inteqrasiyası sayəsində daha çox adam, ələlxüsus gənclər ingilis dilini də öyrənir.
    Müxtəlif illərdə paytaxtın əhalisinin  say dinamikası dəyişmişdir. Belə ki, əgər 2003-cü ildə şəhərdə  2,03 mln. adam yaşayırdısa, artıq 2011-ci ilin sonuna paytaxtda rəsmi qeydiyyatda olan adamların sayı  2 mln. 796 min 300 nəfərə çatmışdır.
    Dini etiqadına görə Azərbaycan əsasən müsəlman ölkəsidir, lakin digər dinlərə etiqad edən dindarlar da burada özlərini rahat və təhlükəsiz hiss edirlər. 

  • Bakının coğrafi yerləşməsi və iqlimi

    Bakı Xəzər dənizinin qərb sahilində yerləşir, onun sahəsi 2,2 min kv.km təşkil edir. Şəhərin mərkəz hissəsi amfiteatr kimi pilə-pillə Bakı körfəzinə doğru enir. Müasir Bakı tarixi mərkəzi olan Qədim şəhərin (İçəri Şəhər) hüdudlarından çox uzaqlara yayılmışdır. Onun yeni binaları Bakı körfəzi boyu yerləşmiş təpələrdə ucalmışdır. İşgüzar mərkəzdə və əsas magistrallar boyu tikintilər çox sıx, ətraflarda isə daha seyrək yerləşmişdir. Lakin son zamanlar belə bölünmə, demək olar, şərti xarakter alır, çünki əhalinin artması ilə əlaqədar yataq rayonları və ətraf ərazilər də sürətlə tikilməyə başlanır.  
    Bakının iqlimi mötədildir, yayı isti və bir qədər rütubətli, qışı isə mülayimdir. Yanvar ayında orta illik hərarət  Selsi üzrə  +3,4, iyulda isə  +25,8 təşkil edir. Payız yaza nisbətən daha istidir.

  • Tarixi arayış

    Ərazinin böyüklüyünə və əhalinin çoxluğuna görə Bakı hələ qədimdən Şərqin ən böyük şəhərlərindən biri sayılmışdır. XII əsrdə Bakı Şirvanşahlar dövlətinin,  XVI əsrdə Səfəvilər dövlətinin,  XVII əsrdə Osman imperiyasının, XVIII əsrdə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.
    Bakının tarixi əsrlərin dərininə gedib-çıxır, bu şəhərin adına  isə orta əsrlərin Bizans, ərəb, fars və Avropa mənbələrində rast gəlinir, orada Bakı haqqında Qədim İpək Yolunun üstündə olan zəngin bir şəhər kimi danışılır.

    İnsanlar lap qədim zamanlardan  bu ərazilərdə məskən salmışlar, vaxt keçdikcə burada sonradan gələcək şəhərin təməlini qoymuş çoxsaylı insan məskənləri yaranmışdır. Bunun səbəbi yerin fiziki-coğrafi şəraiti, onun şimaldan cənuba, qərbdən şərqə doğru uzanan («İpək Yolu») miqrasiya və ticarət yollarında yerləşməsi, iqlim şəraiti və habelə qədim dövrlərdən yerin üstünə çıxan və "nafta" adlanan qiymətli energetik substansiya  idi. Bu, planetdə ilk sənaye üsulu ilə çıxarılan  neft idi.
    Baruka, Baqavan, Ateş-i Baqavan, Bakıx, Bakıya, Bad-Kube (farsca- küləklərə məruz qalan), Bakı, Baka – Bakı şəhərinin qədim dövrlərin yazılı mənbələrində rast gəlinən ilk adlarıdır. V əsrin birinci yarısında yaşamış Bizans müəllifi Prisk Paniyski Skifiyadan Midiyaya gedən yolu təsvir edərkən Bakının yaxınlığında  olan «dəniz daşından çıxan alov» barədə məlumat vermişdir. Bu, Bakının yaxınlığında olan odların birinci xronoloji  göstərişi idi. IX əsrdən başlayaraq ərəb mənbələrində ilk dəfə olaraq Bakı, Bakıx, Bakıya, Bakıye sözlərinə rast gəlinir.
    Bu şəhər artıq qədim dövrlərdən Xəzərin sahilində olan ilk dəniz limanı idi. Qədim dəniz yolu ilə Volqadan Həştərxana, oradan da dənizlə Rusiyadan və Avropa ölkələrindən göyərtəsində istər istilaçılar, istərsə də sadə tacirlər, səyahətçilər  olan gəmilər Bakıya yan alırdılar. Buradan onlar yollarına davam edərək: Gürcüstandan keçməklə cənub-qərbə, Qara dəniz sahili ölkələrinə, şərqə – İrana, Çinə, Hindistana gedə bilərdilər. Əgər nəzərə alsaq ki, bütün Azərbaycan şərti olaraq Avropa ilə Asiyanın sərhəddində olan bir ölkədir, onda Bakı-Abşeron Avropaya can atan Asiyanı və  Uzaq Şərq ölkələrini, habelə onların əhalisini öyrənmək istəyən Avropalılar üçün əsas qapılardan biri idi. Bunların heç biri Böyük İpək Yolu ilə gedən karvanların dayandığı Bakı şəhərindən yan keçmirdi.

    Şirvanşahlar dövləti formalaşan dövrdə Bakı daha böyük əhəmiyyət kəsb etməyə başladı. XII əsrdə Şamaxıda baş vermiş  güclü zəlzələdən sonra arvadını və uşaqlarını itirmiş Şirvanşahı I Axsitan Şirvan xanlığının paytaxtını Bakıya köçürdü.
    Beləliklə, Bakı Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Şirvanşah yeni  paytaxtı elan etdi, İçəri şəhər qala divarlarını tikdirdi, onları xəndəklə əhatə etdirdi; əhali əsasən sənətkarlıqla məşğul olurdu – xalçaçılıq, misgərlik, bürünc qab-qacaq, soyuq silah  qayırma inkişaf etməyə başladı (bunların çoxu indi dünyanın müxtəlif  ölkələrində muzeylərdə saxlanılır). Bakı Xəzər dənizi sahilində strateji limana çevrildi, bu da onun çiçəklənməsi üçün əlavə şərait yaratdı. 

    Neft hasili şəhərin tarixində böyük əhəmiyyət kəsb edirdi. Məşhur İpək yolu vaxtlarında neftlə yüklənmiş  dəvə karvanları  buradan Avropaya və Asiyaya yollanırdı. 
    XIX əsrin əvvəllərində Azərbaycan Rusiyanın hakimiyyəti altına keçdi. Neftin sənaye hasilatı da elə bu vaxtlar artmağa başladı, bu da şəhərin inkişafına rəvan verdi. Xarici kapital Bakıya axmağa başladı, Rotşildlərin, Nobel qardaşlarının və digərlərinin ofisləri açıldı. Neft hasilatı böyük miqyasa çatdıqda, Bakıda mədəni həyat çiçəklənməyə başladı: teatrlar açıldı, opera binası tikildi. O vaxtlar onu «Qafqazın Parisi» adlandırırdılar.
    1920-ci ildən Bakının sovet dövrü başladı. Sovet dövründə Bakı Azərbaycan Sovet Sosialist   Respublikasının paytaxtı oldu və SSRİ-nin ən iri inzibati, sənaye, elmi və mədəni mərkəzlərindən birinə çevrildi. 1941-1945-ci illərin Böyük Vətən müharibəsi dövründə Bakı hərbi aviasiyanı və bronetexnikanı yanacaqla təmin edən əsas strateji   mərkəz idi, bu da SSRİ-nin qələbəsinin əsas amillərindən biri sayılırdı. Müharibədən sonrakı dövrdə də Bakı uzun müddət SSRİ-nin ən əhəmiyyətli neft regionlarından biri olaraq qalırdı.
    Sovet dövründə Bakı şəhərinin müasir simasının təşəkkülündə mühüm rolu o dövrdə Azərbaycan SSR-nin MK-nin Birinci Katibi  Heydər Əliyev və şəhərin meri – Əliş Lemberanski oynamışlar.
    1959-cu ildə Lemberanski Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri təyin edildi. Onun təşəbbüsü ilə Bakıda çoxlu mədəni obyektlər və yaşayış binaları tikildi. Şəhərdə yaşıllaşdırma işləri aparıldı, yeni bağlar və bağçalar salındı. Bakı Dənizkənarı bulvar əsaslı surətdə yeniləndi və genişləndi, çiçəkləyən dekorativ kolluqları, meyvə ağacları olan bənzərsiz dənizkənarı parka çevrildi. Bulvarda «Mirvari» qəhvəxanasi tikildi, özünün «Venesiyası» yaradıldı, burada içərisində uşaqlar və böyüklər olan «qondolalar» üzürdü.

    1969-cu ildə respublikanın rəhbərliyi Heydər Əliyevə həvalə olundu, məhz bu dövrdə Azərbaycanda memarlığın və mədəniyyətin inkişafı daha böyük vüsət aldı. Həmin o «Qızıl illərdə» Heydər Əliyevin himayəsi altında Respublika Sarayı (indi Heydər Əliyev adına Saray), Dövlət Sirki, Bakı Dəniz limanının binası, «Gülüstan» Sarayı, Musiqili Komediya teatrı, Yaşıl Teatr, Bakı  funikulyoru və habelə «Moskva», «Azərbaycan», «Abşeron» mehmanxanaları və digər bu kimi vacib obyektlər tikildi.
    80-ci illərin ikinci yarısında baş verən siyasi və iqtisadi böhranlar Sovet Azərbaycanının və Bakının həyatında yeni gerçəkliklər doğurdu, bu da bir sıra faciələrə, cəmiyyətdə parçalanmaya və SSRİ-nin süqutuna gətirib çıxartdı.
    Azərbaycan müstəqillik əldə etdikdən və Heydər Əliyev artıq prezident qismində hakimiyyətə qayıtdıqdan sonra ölkədə indiyədək davam edən siyasi birləşmə, iqtisadi və sosial yüksəliş dövrü başlandı. Hal-hazırda Bakı 20-ci yüzilliyin ağır  postsovet dövrünün iqtisadi və sosial böhranından çıxaraq, Zaqafqaziyanın iri iqtisadi və mədəni mərkəzi kimi özünün yeni həyatını yaşayır. 

  • Bakının iqtisadiyyatı

    XIX əsrin sonundan Bakı neft və qaz hasilatının iri mərkəzlərindən biri oldu. Burada neft sənayesindən başqa, toxuculuq sənayesi inkişaf etdi, mexaniki zavodlar, tütün fabrikləri,  dəyirmanlar, emaledici müəssisələr və s. açılmağa başladı. XX əsrin ortalarında Bakıda neft-kimya, maşınqayırma, metal emalı sənayesi və tikinti materialları istehsalı inkişaf etməyə başladı.
    Hazırda Bakı şəhəri bütün Zaqafqaziya regionunun elmi-texniki və sənaye mərkəzidir. XXI əsrin əvvəllərindən Azərbaycanın paytaxtında hərbi sənaye, yüksək texnoloji sahələr və informasiya texnologiyaları böyük uğurla inkişaf etməyə başladı.
    Bakı böyük sürətlə zəngin istirahət və əyləncələr sənayesi infrastrukturuna malik turist şəhərinə çevrilməkdədir. Azərbaycanın paytaxtında dünya otellər şəbəkəsinə daxil olan yüksək brend siniflərinə aid onlarla mehmanxanalar, ticarət və biznes mərkəzləri, idman-əyləncə kompleksləri fəaliyyət göstərir. Lap bu yaxınlarda yüzlərlə rəngarəng atraksionlar və oyun avtomatları ilə müştəriləri cəlb edən Avropada ən böyük örtülü  Megafun əyləncə mərkəzi öz qapılarını bakılıların və qonaqların üzünə açdı.

  • Nəqliyyat

    Bakı – Azərbaycanın dəmiryol və nəqliyyat qovşağı, Xəzər dənizində ən böyük limandır. Yük dövriyyəsində əsas  yeri dəniz ticarət limanı tutur. Paytaxtın Heydər Əliyev beynəlxalq hava limanından hər gün dünyanın bir çox ölkələrinə reyslər həyata keçirilir. Bakıdan Gürcüstana, Rusiyaya, İrana dəmir yolu xətləri  gedir. Şəhərdə Beynəlxalq Avtovağzal, metropoliten, yerüstü ictimai nəqliyyat fəaliyyət göstərir, nəqliyyatın əqli idarə sistemi tətbiq olunmuşdur.

  • Təhsil, mədəniyyət və idman

    Bakı Azərbaycanın mədəni və elmi mərkəzidir. 1873-cü ildə burada ilk milli teatr yaradılmış, 1908-ci ildə isə müsəlman Şərqində ilk dəfə olaraq birinci opera «Leyli və Məcnun» səhnəyə qoyulmuşdur. Azərbaycanda ilk Universitet və ilk kitabxana da məhz Bakıda açılmışdır.

    Hal-hazırda Azərbaycanın paytaxtında 30-dan çox dövlət və özəl ali təhsil müəssisələri cəmlənmişdir, elə buna görə də Bakını iri universitet şəhəri adlandırmaq olar. Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında, Azərbaycan Tibb Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Dəniz  Akademiyasında, Azərbaycan Turizm institutunda və Bakının digər ali təhsil müəssisələrində nəinki bakılılar, habelə xarici tələbələr də yüzlərlə müxtəlif ixtisaslar üzrə təhsil alırlar.

    Bakıda çoxlu sayda mədəni idarələr vardır. Onların arasında teatrlardan – Azərbaycan Dram Teatrını (www.azdrama.az), M.F. Axundov adına Opera və Balet teatrını (www.tob.az), Gənc tamaşaçılar teatrını, S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrını (www.rusdrama-az.com), A. Şaiq adına Kukla teatrını (www.kuklateatri.com), M. Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasını (www.filarmoniya.az); muzeylərdən – Dövlət Musiqi muzeyini (www.musicmuseum.az), Azərbaycan Milli incəsənət muzeyini, Azərbaycanın tarixi muzeyini, (www.science.az/ru/azhistorymuseum/index.htm), dünyada ilk Xalça muzeyini (www.azcarpetmuseum.az), Müasir incəsənət muzeyini (www.mim.az) və digərlərini göstərmək olar.

    Şəhərdə Bakı dövlət sirki, bir çox müasir konsert və idman meydançaları vardır. 2012-ci ilin may ayında Bakıda Crystal Hall konsert-əyləncə kompleksində 57-ci «Eurovision» (www.eurovision.tv) mahnı müsabiqəsi keçirilmişdir. 

  • Bakının diqqətəlayiq yerləri

    Dövlət mədəni irsə böyük diqqət və qayğı ilə yanaşır. Azərbaycanın Prezidenti İlham Əliyevin sərəncamına əsasən bir sıra tarixi komplekslər, nadir qurğular və təbiət yerləri dövlət tarixi-memarlıq, etnoqrafik, tarixi-mədəni qoruqlar elan edilmişdir. Ölkənin bütün regionlarında mədəni obyektlərin, tarixi-memarlıq məbədlərinin, qüllələrin, qala divarlarının, körpülərin və karvansaraların ilkin  görünüşünə qaytarılması üzrə geniş   bərpa işləri aparılır.

    Bakının mərkəzində 221 min kv. m sahədə qədim qala– İçəri şəhər yerləşir, bura YUNESKO-nun Ümumdünya irsi siyahısına salınmış yaşayış məhəlləsi və tarixi-memarlıq qoruğudur. Açıq havada yerləşən bu nadir muzeydə müxtəlif dövrləri əhatə edən 50-dən çox tarixi və memarlıq abidələri vardır. Bizim günlərə kimi gəlib çatmış abidələrdən Şirvanşahlar sarayını, Qız qalasını, Sınıq Qala minarətini göstərmək olar. Tarixi-memarlıq qoruğu barədə ətraflı məlumatı www.icherisheher.gov.az rəsmi saytına daxil olmaqla əldə etmək olar.

    Bakının ən möhtəşəm və sirli abidələrindən biri Milli Dənizkənarı Parkın qənşərində yerləşən  məşhur Qız qalasıdır. O çox qədimlərdə tikildiyindən onun təməlinin qoyulması tarixi barədə hələ də mübahisələr gedir. Bəzi tədqiqatçılar  Qız qalasının yaranması tarixini eramızdan əvvəl  VI  əsrə aid edirlər. Qız qalası ilə faciəvi məhəbbət haqqında gözəl bir qədim rəvayət (istinad) bağlıdır. Qalanın adında olan «Qız» sözü  «Fəth edilməyən», «Sarsılmaz» deməkdir. Qalanın əmələ gəlməsi barədə çoxlu rəvayətlər mövcuddur, lakin onların hamısını bir sonluq birləşdirir –  hansı isə bir səbəb üzündən (əsasən nakam məhəbbət  və ya qadağan olunmuş məhəbbət üzündən) qız  özünü qalanın başından dənizə atır.
    Qız qalasında ilk dəfə olan turistlər təəccüblənirlər ki, qız özünü necə buradan dənizə ata bilərdi ki, əgər dənizlə Qız qalası arasında azı 100 metr məsafə vardır? İş ondadır ki, Qız qalası tikilən vaxtların ilk illəri o dənizin lap sahilində olmuşdur və Xəzər dənizinin dalğaları onun  divarlarını yalayırdı.  Lakin tədricən dənizin səviyyəsi aşağı düşmüş, Xəzərin suları geri çəkilmiş və indi həmişə ayrılmaz olan  Qız Qalası ilə Xəzər dənizi geniş prospekt və dənizkənarı bulvarla  ayrılmışdır. 
    Qala nəyə xidmət edirdi? Alimlərin fərziyyələrinə görə, qala mühafizə istehkamı rolunu oynayırdı, lakin bu fikir təsdiq olunmadı, çünki qalanın sahəsi elə  kiçikdir ki, o, nəinki istehkam rolunu oynaya bilməzdi,  hətta müvəqqəti yaşayış üçün də yaramırdı. İndi alimlər belə fikrə gəlmişlər ki, Qız qalası  dini ayinlər üçün nəzərdə tutulmuşdur. XVIII-XIX əsrlərdə Qız qalasından mayak kimi istifadə edilmiş, 1964-cü ildə isə burada muzey açılmışdır.

    Xarici turistlərin çoxu Bakıya gələrkən mütləq bu qədim abidənin üstünə çıxaraq buradan dənizi seyr edirlər. Qalanın hündürlüyü  29,7 m, diametri 16,5 m-dir. Aşağı hissəsində divarların qalınlığı 5 metr, yuxarı yaruslarda isə 4 metrdir. Qala 8 yarusdan ibarətdir, içərisində sulu laylara qədər qazılmış quyu vardır, dərinliyi 21 metrdir.
    Qız qalasının yaxınlığında, İçəri şəhərin mərkəzində Azərbaycan memarlığının ən böyük abidəsi olan Şirvanşahlar Sarayı yerləşir. Onun tikintisinə altı yüz il bundan əvvəl başlanmış və bütün XV əsr ərzində davam etdirilmişdir. Bu, bir çox tikililərdən ibarət bütöv bir memarlıq ansamblıdır, kompozisiya və planlaşdırılmasına görə onun dünyada analoqu yoxdur.

    Kompleks vahid memarlıq ideyasına əsasən tikilməmişdir və relyefə əsasən üç səviyyədə yerləşən bir neçə tikilidən: sarayın əsas binasından  (1420-ci illər), türbədən (1435), minarəti olan şah məscidindən (1441), Seyid Yəhya Bakuvinin məqrəbəsindən (1450-ci illər), Keyqubad məscidinin qalıqlarından ibarətdir. Saray tikililərinə şərq tərəfdən ona birləşən piştağ – Murad darvazaları (1585), ovdan və hamam qalıqları da  aiddir. 1964-cü ildə kompleks muzey-qoruq elan edilmiş və dövlətin mühafizəsi altına götürülmüşdür.

    Paytaxtın qonaqlarında Suraxanı qəsəbəsində yerləşən  XVII əsrin atəşpərəstlər məbədi –  Atəşgah da böyük maraq doğurur. O, qayanın üzərində durur, burada yerin altından çıxan qaz sayəsində min illərlə od yanmışdır. Məhəmmədli kəndinin yanında indi də qayanın altından yanan təbii qazın  çıxmasını görmək olar. Bu yeri «Yanar dağ» adlandırırlar.  Qədimlərdə Abşeronda belə yerlər çox olmuşdur.

    Bakının ətrafında yerləşmiş ən qədim tarixi abidə özünün qayaüstü təsvirləri ilə dünyada məşhur olan Qobustandır. 2007-ci ildə Qobustanın qayaüstü rəsmlərinin mədəni landşaftı YUNESKO-nun Dünya Mədəni irsi abidələri siyahısına salınmışdır.

    Bakı Dövlət tarixi-etnoqrafik və bədii qoruğu olan Qobustanda Daş dövrünün və Azərbaycan xalqının tarixi keçmişinin şahidi olan Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Sıxqayada çoxlu miqdarda qayaüstü təsvirlər, düşərgələr, insan  məskənləri, baş daşları və s. vardır. Böyükdaş ərazisində  mezolitdən tutmuş orta əsrlərə kimi bütün dövrlərin abidələrinə rast gəlmək olar.

    Hal-hazırda artıq 6 000 çox  petroqliflər (daş üzərində oyma şəklində qayaüstü təsvirlər) aşkar edilmiş və öyrənilmişdir. Bu, insanların və heyvanların, habelə ov və balıq ovu təsvirləri, eləcə də müxtəlif rəmzlər, o cümlədən   svastika, burumlar, xaçlar, qamış qayıqlarının, at arabalarının   şəkilləridir. Daşda oyma üsulu ilə qazılmış və hətta naxışla bəzədilmiş qeyri-adi «qablar» da  saxlanmışdır. Burada qeyri-adi «musiqi alətləri» – yüksək səslər çıxaran və hərəsinin öz tembri olan daşlar  də vardır. Qobustan qayaları bizim eranın    I əsrində Roma legionerlərinin burada olmasının şahidliyini saxlamışdır, legionerlər  istila üçün çox cazibəli olan bu yerlərdən ötüb keçə bilməzdilər. Burada Roma senturionlarının 11-ci İldırımsürətli Legionunun latın dilində yazdığı qaya  aşkar edilmişdir. Orada yazılmışdır ki, həmin dövrdə Romada hakimiyyət başında imperator Domisian Sezar Avqust Germanik olmuşdur.
    Bakının şəhərətrafı qəsəbələrindən biri olan Mərdəkanda da qədim tarixə malik iki qala vardır.  Onlardan biri – dördkünc qala XII əsrdə Şirvanşahın oğlu Manuçöhr Asitian tərəfindən düşmən üzərində parlaq qələbəsinin rəmzi kimi ucaldılmışdır.  Qalanın hündürlüyü 22 m, aşağıda qalınlığı 2,1 m, yuxarıda isə 1,6 m-dir. İçəridən qala 5 yarusa bölünmüşdür. 
    İkinci qala dəyirmidir, yerli əhali onu Şıx qalası adlandırır. Qalanın hündürlüyü 12,5 m-dir, içəridən qala 3 yarusa bölünmüşdür. Qalanın üstündə olan yazıdan aydın olur ki, o, 1232-ci ildə  memar Abdulməcid Məsud oğlu tərəfindən inşa edilmişdir.

    Daha bir tarixi kompleks – Abşeron kəndi Qalada olan Bakı Dövlət tarixi-etnoqrafik qoruğudur. Burada qədim məscidlər, yollar, ovdanlar, qədim qəbirstanlıq  (XV əsr), hamamlar, bürünc dövrüə məxsus məskun yerlər qorunub saxlanmışdır. Qala – səciyyəvi Abşeron qəsəbəsidir, onu bəzən Abşeronun «İçəri şəhəri» adlandırırlar. 
    Müasir Bakının yeni rəmzləri meydana gəlmişdir. Hər şeydən əvvəl bu, «Eurovision» mahnı müsabiqəsinin translyasiyası  zamanı bütün dünyanın seyr etdiyi 3 qüllədən ibarət  Flame Towers («Alov Qüllələri») kompleksidir. Habelə ən müasir konsert kompleksi olan Crystal Hall da böyük şöhrət qazanmışdır, məhz burada «Eurovision» mahnı müsabiqəsi keçirilmişdir. Və nəhayət, özündə konqress-mərkəzi, muzeyi, kitabxananı və 9 ha sahədə yerləşən parkı ehtiva edən məşhur Heydər Əliyev Mədəni Mərkəzinin adını çəkməmək mümkün deyil. Məşhur  qadın-arxitektor Zaha Xədid tərəfindən layihələndirilmiş bu bina barədə Discovery kanalı «Meqa tikintilər» silsiləsindən film hazırlamışdır.
    Əlbəttə, Azərbaycanın paytaxtı Bakının diqqətəlayiq yerlərinin siyahısı bununla  məhdudlaşmır. Bakıda habelə Dövlət Bayrağı Meydanında yerləşmiş dünyada ən iri bayrağı (bayraq dirəyinin hündürlüyü 162 metrdir), 2012-ci ildə yenidən qurulmuş və əsaslı təmir edilmiş funikulyoru görə bilərsiniz. Bakılıların və şəhərin qonaqlarının ən çox sevdiyi istirahət yeri olan 2009-cu ildə özünün 100 illiyini qeyd etmiş Dənizkənarı Parka  gedin. Görməli yerlərin hamısını sadalamaq mümkün deyil, bizim qonaqpərvər şəhərimizə xoş gəlmisiniz!