Turlar

Arxeoloji turun marşrut proqrami

1-Cİ GÜN

  Hava limanında qarşılanma, transfer və Bakıda hoteldə yerləşmə  
14.00 Nahar yeməyi  
15.00

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində və Qoruğunda ekskursiya

Qorugun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III miniliyə aid olan qədim insan yaşayış məskənidir. Qala kəndinin ərazisində e.ə III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 orta əsr hamamı, 177-ə yaxın yaşayış evi, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur.

Beş min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd bu günədək qorunub. 2008-ci ildə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində “açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi” yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub.

18.00

Hotelə dönüş və sərbəst vaxt (arzu olunarsa Bakı şəhərində qisa ekskursiya)

Bakının tarxini əks etdirən qədim qala divarları, “İçərişəhər” qoruğu, Şirvanşahlar sarayı kompleksi, muzeyləri, məscidləri, müasir binaları və yaşıl parkları ilə gələn qonaqları tanış etmək olar. Bakı - orta əsr şəhəri, Şirvanşahlar dövlətinin ikinci paytaxtı. Tarixi küçələr və orta əsr məscidləri. Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir. Qazıntılar göstərir ki, bu ərazi hələ bürünc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir. İçəri Şəhər ompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız Qalası Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır.

20.00 Şam yeməyi (“İçərişəhər”də yerləşən milli restoranlardan birində)  
22.00 Hoteldə gecələmə  

 

2-Cİ GÜN

07.30 Səhər yeməyi  
08.30

Ağsu şəhərinə yola düşmə: Bakı-Qobustan-Şamaxı-Ağsu  (155 km)

Yolüstü Qobustanda (Mərəzədə) yerləşən Diri Baba türbəsində, Şamaxıda yerləşən Yeddi Günbəz türbələr kompleksində qısa ekskursiya. Daha sonra Ağsu dolayları ilə hotelə doğru hərəkət olunacaq. Ağsu dolaylarından açılan gözəl mənzərələr hər bir kəsi valeh edəcək.

Diribaba türbəsi – Qobustan şəhərində dağın döşündə tikilmiş ikimərtəbəli türbədir. Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycanmemarlığı tarixində xüsusi yer tutur. Bu binada memarın bir sıra maraqlı yaradıcılıq xüsusiyyətləri vardır. Onlardan fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi, qarmaqarışıq təbiət mənzərəsində memarlıq kütlələrinin ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və sairəni göstərmək olar.Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi 1402-ci il kimi göstərilmişdir. Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsi Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir. Bu trompların birində həkk edilmiş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.

Yeddi günbəz türbəsi - Şamaxı şəhərindən 3 km aralıda yerləşir. Yeddi günbəzdən ibarətdir. XVIII əsrin axırlarına XIX əsrin əvvəllərinə aid abidələrin əsasən xanların şəxsi ehtiyacları üçün tikdirdikləri binalardan ibarət olmuşdur. Bu qrup tikintilər sırasında Şamaxı qəbristanlığındakı “Yeddi günbəz” adlı məşhur türbələr də daxildir. Hazırda “Yeddi
günbəz” türbələrindən dördü qalmışdır, qalan türbələr isə qalmamışdır. Türbələrin axırıncı Şamaxı xanı Mustafanın ailəsinə mənsub olan şəxslər üçün tikildiyi məlumdur. Türbələrdən birinin üzərində olan kitabədə onun 1810-cu ildə Mustafa xanın anası üçün tikildiyi yazılmışdır. Həmin türbənin üzərində onu tikən memarın adı da vardır. Memar özünü kitabədə “Usta Tağı memar” adlandırır. “Yeddi günbəz” türbələri ümumiyyətlə Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəklində çadırvari günbəzlə deyil, adi günbəzlə örtülmüşdür.

13.00

Şərədil hotelində (Ağsu dolaylarında yerləşir) yerləşmə

 
13.30

Nahar yeməyi

 
15.00

Son Orta əsr Ağsu şəhərində ekskursiya və arzu olunarsa aparılan qazıntı işlərində iştirak

Yazılı qaynaqlarda Ağsu və ya "Yeni Şamaxı" kimi xatırlanan, xalq arasında "Ağsu qalası" və ya "Xaraba şəhər" kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu rayonu ərazisində, Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə, Ülgüclü, Ərəbuşağı, Ağarx və Curuqlu kəndlərinin əhatəsində yerləşir. Bir sıra hərbi-siyasi amillərlə əlaqədar Ağsu şəhəri daxili və xarici düşmənlər tərəfindən dəfələrlə dağıdılıb, beləliklə də Şirvanın rəsmi paytaxtı olmaq statusu gah Şamaxıya, gah da Fitdağa keçib. Vaxtaşırı hərbi əməliyyatlar meydanına çevrilən və dağıntılara məruz qalan Ağsu şəhəri sonuncu dəfə 1806-cı ildə Abbas Mirzənin komandanlıq etdiyi Qacar ordusunun hücumu ərəfəsində düşmən əlinə keçməsin deyə, Şirvan xanı Mustafa xan tərəfindən dağıdılıb və bununla da orada şəhər həyatına son qoyulub.
Orta əsr Ağsu şəhəri plan etibarı ilə düzbucaqlı formada olmaqla 39,8 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və torpaq valdan ibarət çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir. Ağsu nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir.
Orta əsr Ağsu şəhəri ətrafında 4 qəbiristanlıq var. Onlardan daha yaxşı qalanı şimal-qərb istiqamətindəki qəbiristanlıqdır. XVIII əsrin sonlarına aid olan bu qəbiristanlıqda əsasən Şirvan hökmdarları nəslindən olan tanınmış insanlar dəfn olunub.
Abidədə ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Əsasən, kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri orada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğundan xəbər verir.
2010-cu ilin mart ayından etibarən MİRAS İctimai Birliyinin təşəbbüsü və Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən orada genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılıb. Burada beş sahədə üst-üstə təqribən 3500 kvadratmetrə yaxın ərazi öyrənilib. Hazırda Ağsuda genişmiqyaslı arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Bununla paralel olaraq ekspedisiya rəhbərliyi aşkar olunmuş tapıntıların konservasiya edilərək gələcək nəsillər üçün qorunması istiqamətində də ardıcıl iş aparır.
2011-ci il "Orta əsr Ağsu şəhəri: Sənətkarlıq məhəlləsi" sərgi kompleksinin açılışı olub. Muzeyin ən maraqlı xüsusiyyəti qazıntıların aparıldığı sahədə inşa edilməsidir. Muzey orta əsr məhəllə həyatını özündə əks etdirir.

20.00 Şam yeməyi  
22.00 Hoteldə gecələmə  

 

3-CÜ GÜN

07.30 Səhər yeməyi  
09.00

Şəmkir şəhərinə yola düşmə: Ağsu-Göyçay-Ağdaş-Yevlax-Gəncə-Şəmkir (266 km)

 
12.00

Gəncə şəhərində qısa ekskursiya və çay/kofe fasiləsi (Azərbaycana aid milli təamların verilməsi - Azərbaycanın milli şirniyyat məmulatı üç qrupa bölünür: unlu, karamelə oxşar və konfetə oxşar məmulatlar. Unlu şirniyyat məmulatına şəkərbura, paxlava, şəkərçörəyi, Bakı qorabiyyəsi, Azərbaycan nanı, Ordubad ruleti-dürməyi, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şamaxı mütəkkəsi, Naxçıvan paxlavası və s. aiddir. Undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi məlumdur. Bununla belə, hər zonanın özünə məxsus xüsusi şirniyyat məmulatı vardır.)

13.30

Şəmkirdə Sərxan hotelində yerləşmə

 
14.00

Nahar yeməyi

 
15.00

Orta əsr Şəmkir şəhərində ekskursiya

Yazılı mənbələrin təhlili ərəb fəthləri dövründə Şəmkirin artıq bir şəhər kimi mövcud olduğunu göstərir. Böyük İpək yolunun üzərində yerləşən Şəmkir şəhəri IX əsrin ikinci yarısı-X əsrdə yüksəliş keçirərək mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmiş, XI-XII əsrlərdə çiçəklənmə çağını yaşamışdır. Şəmkir şəhərinin inkişaf ahəngi monqol istilası ilə pozulmuşdur. 1235-ci ildə inadlı müqavimətdən sonra şəhəri ələ keçirən monqollar burada böyük qırğın törətmiş, əhalini qılıncdan keçirmişlər. Bu hadisədən sonra şəhər tənəzzül etmiş, bir daha özünə gələ bilməmişdir. Orta əsr Şəmkir şəhərinin xarabalıqları Şəmkirçayın sol sahilində, Azərbaycan Respublikasının Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Abidənin təsviri onun orta əsr düzən şəhərlər üçün səciyyəvi olan bütün əlamətlərə malik olduğunu göstərir. Şəhər yerinin 2007-ci ildə çəkilmiş topoplanı şəhərin dördbucaqlıya yaxın plan quruluşunu müəyyənləşdirməyə imkan verir. Orta əsr Şəmkir şəhər yerində geniş miqyaslı arxeoloji qazıntılar Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Regionların İnkişafı İctimai Birliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olaraq həyata keçirilir. Orta əsr Şəmkir şəhərində memarlıq və inşaat sənəti yüksək inkişaf mərhələsinə daxil olmuşdur. Arxeoloji qazıntılar nəticəsində xeyli tikinti qalıqları, o cümlədən istehkam tikililərinin, mülki tikililərin qalıqları, şəhər abadlığı ilə bağlı mühəndis qurğuları üzə çıxarılmışdır. Arxeoloji qazıntılardan əldə olunmuş tapıntılar müxtəlif xarakterlidir: əmək alətləri, silahlar, dəmir məmulatı, metal məmulatı, keramika, şüşə məmulatı, sümük və daş məmulatı, bəzək əşyaları, sikkələr. Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar şəhərin inkişafının müxtəlif mərhələləri haqqında, onun müdafiə sistemi, yaşayış evləri və ictimai binaları, şəhər sakinlərinin məişət və təsərrüfatları haqqında yeni, qiymətsiz informasiyanın əldə olunması ilə əlamətdar olub.

Şəmkir arxeoloji ekspedisiyası uçmaq təhlükəsinin yüksək olduğu tikililərdə konservasiya işləri aparmaqdadır.

20.00 Şam yeməyi  
20.30

Hoteldə gecələmə

 

 

4-CÜ GÜN

07.30 Səhər yeməyi  
09.00

Tovuz rayonunda yerləşən Göytəpə Neolit dövrü yaşayış məskəninə yola düşmə: Şəmkir-Tovuz (40 km)

Göytəpə neolit yaşayış məskəni Tovuz rayonu ərazisində yerləşir. Hal-hazırda Göytəpə ərazisində arxeoloji qazıntılar aparılır. Bu işə Tokio Universitetindən olan arxeoloq mütəxəssislər də qoşulmuşlar. Burada aparılan tədqiqatlar nəticəsində Azərbaycan torpaqlarının ən qədim dövrü ilə bağlı çox ciddi elmi materiallar əldə edilmişdir. Söhbət Qafqazda ən qədim, eramızdan əvvəl 7 minilliyə aid neolit abidəsindən gedir. Bu qazıntılara Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərlik edir. Buradan tapılan  materialların təhlili daha geniş aspektdə aparılır. Aşkar edilmiş materiallar və tikili qalıqları neolit dövründə bu topraqlarda güclü inkişafın olduğunu göstərmişdir. Arxeoloji qazıntılar nəticəsində tapılmış Göytəpə neolit yaşayış məskəni Şərq və Qafqaz əlaqələrini özündə əks etdirən çox nümunəvi və parlaq bir arxeoloji abidədir. Hesab olunur ki, bu tapıntı dünya tarixi üçün böyük önəm daşıyır. Ona görə də, 2012-ci ildən etibarən arxeoloji abidədə qazıntılar konservasiya işləri ilə paralel aparılacaqdır.

14.00

Nahar yeməyi

 
15.30

Bakı şəhərinə yola düşmə

 
20.00

Şam yeməyi

 
22.00 Bakıda hoteldə gecələmə  

 

5-Cİ GÜN

07.30 Səhər yeməyi  
09.00

Hoteldən ayrılma, transfer və hava limanından yola salınma

 

 

Qeydlər:

Arxeoloji turda individual və ya qrup halında iştirak etmək olar. Qrupun maksimal sayı 20 nəfərə kimi, minimal isə 6 nəfər ola bilər.

Gecələmək üçün yay aylarında baza yaxınlığında çadır düşərgəsi, 3-vaxt yeməklərin veriləcəyi səhra yeməkxanası və hamamı təşkil etmək olar. Və ya ekspedisiyanın bazasında məskunlaşmaq olar (onun şərtlərinə ayrıca baxılmalıdır).