Turlar

Orta əsr Ağsu şəhərinə arxeoloji tur

1-Cİ GÜN

  Hava limanında qarşılanma, transfer və Bakıda hoteldə yerləşmə
14.00 Nahar yeməyi
15.00

Sərbəst vaxt (arzu olunarsa Bakı şəhərində qisa ekskursiya)
Bakının tarxini əks etdirən qədim qala divarları, "İçərişəhər" qoruğu, Şirvanşahlar sarayı kompleksi, muzeyləri, məscidləri, müasir binaları və yaşıl parkları ilə gələn qonaqları tanış etmək olar. Bakı - orta əsr şəhəri, Şirvanşahlar dövlətinin ikinci paytaxtı. Tarixi küçələr və orta əsr məscidləri. Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir. İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, bu ərazi hələ bürünc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir. İçəri Şəhər ompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız Qalası Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır.

20.00 Şam yeməyi
22.00 Oteldə gecələmək

 

 

 

2-Cİ GÜN

08.00 Səhər yeməyi
09.30 Ağsu şəhərinə yola düşmə: Bakı-Qobustan-Şamaxı-Ağsu (155 km)
12.30

Turistlərin Şərədil hoteldə (Ağsu dolaylarında yerləşir) və ya Ağsu arxeoloji ekspedisiyasının bazasında (Ağsu rayonun Pirhəsənli kəndi) yerləşməsi

13.00 Nahar fasiləsi
15.00

Son Orta əsr Ağsu şəhəri ilə tanışlıq (ekskursiya)
Yazılı qaynaqlarda Ağsu və ya "Yeni Şamaxı" kimi xatırlanan, xalq arasında "Ağsu qalası" və ya "Xaraba şəhər" kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu rayonu ərazisində, Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə, Ülgüclü, Ərəbuşağı, Ağarx və Curuqlu kəndlərinin əhatəsində yerləşir. Bir sıra hərbi-siyasi amillərlə əlaqədar Ağsu şəhəri daxili və xarici düşmənlər tərəfindən dəfələrlə dağıdılıb, beləliklə də Şirvanın rəsmi paytaxtı olmaq statusu gah Şamaxıya, gah da Fitdağa keçib. Vaxtaşırı hərbi əməliyyatlar meydanına çevrilən və dağıntılara məruz qalan Ağsu şəhəri sonuncu dəfə 1806-cı ildə Abbas Mirzənin komandanlıq etdiyi Qacar ordusunun hücumu ərəfəsində düşmən əlinə keçməsin deyə, Şirvan xanı Mustafa xan tərəfindən dağıdılıb və bununla da orada şəhər həyatına son qoyulub.
Orta əsr Ağsu şəhəri plan etibarı ilə düzbucaqlı formada olmaqla 39,8 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və torpaq valdan ibarət çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir. Ağsu nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir.
Abidədə ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Əsasən, kəşfiyyat xarakterli bu tədqiqatlar nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri orada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğundan xəbər verir. 2010-cu ilin mart ayından etibarən MİRAS İctimai Birliyinin təşəbbüsü və Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən orada genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılıb. Burada beş sahədə üst-üstə təqribən 3500 kvadratmetrə yaxın ərazi öyrənilib. Hazırda Ağsuda genişmiqyaslı arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Bununla paralel olaraq ekspedisiya rəhbərliyi aşkar olunmuş tapıntıların konservasiya edilərək gələcək nəsillər üçün qorunması istiqamətində də ardıcıl iş aparır. 2011-ci il “Orta əsr Ağsu şəhəri: Sənətkarlıq məhəlləsi” sərgi kompleksinin açılışı olub. Muzeyin ən maraqlı xüsusiyyəti qazıntıların aparıldığı sahədə inşa edilməsidir. Muzey orta əsr məhəllə həyatını özündə əks etdirir.

20.00 Şam yeməyi
22.00 Hoteldə və ya bazada gecələmə  

 

 

3-CÜ GÜN

07.30 Səhər yeməyi
09.30

Qazıntı işlərində iştirak

11.30 Çay/kofe fasiləsi (Azərbaycana aid milli təamların verilməsi - Azərbaycanın milli şirniyyat məmulatı üç qrupa bölünür: unlu, karamelə oxşar və konfetə oxşar məmulatlar. Unlu şirniyyat məmulatına şəkərbura, paxlava, şəkərçörəyi, Bakı qorabiyyəsi, Azərbaycan nanı, Ordubad ruleti-dürməyi, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şamaxı mütəkkəsi, Naxçıvan paxlavası və s. aiddir. Undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi məlumdur. Bununla belə, hər zonanın özünə məxsus xüsusi şirniyyat məmulatı vardır.)
12.00 Qazıntı işlərində iştirakın davamı
14:00 Nahar yeməyi
15.30

Ağsu şəhəri yaxınlığında yerləşən qədim qəbirstanlıqlara piyada ekskursiya
Orta əsr Ağsu şəhəri ətrafında 4 qəbiristanlıq var. Onlardan daha yaxşı qalanı şimal-qərb istiqamətindəki qəbiristanlıqdır. XVIII əsrin sonlarına aid olan bu qəbiristanlıqda əsasən Şirvan hökmdarları nəslindən olan tanınmış insanlar dəfn olunub.

20.00 Şam yeməyi  
21.30

Ağsu şəhərində qısa axşam ekskursiyası
Ağsu rayonun inzibati mərkəzi Ağsu şəhəri Şamaxıdan 37 km aralıda Ağsu çayının sahilində yerləşir. Azərbaycanda «Ağsu» adlı çaylar çoxdur. Onların bu cur adlanmasının səbəbi çox sadədir: onların hər biri öz mənbəyini qarlı dağlardan götürür, buna görə də «təmiz su, şəffaf su, şəffaf su» mənasını verən «Ağsu» sözü ilə adlanır. Ağsuya gedən yol məşhur Ağsu dolaylarından keçir. Uzunluğu 14 km olan bu aşırımın ən uca nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır. Bu yerlərin ucu-bucağı görünməyən əzəmətli panoramı yolçuları heyran edir. Aşırım dumana bürünəndə isə buradan maşınla gedən adamların hər biri sanki buludların arası ilə hərəkət etdiyini güman edir. Rayonda üzüm emalı və ipək qurdu baraması emalı üzrə müəssisələr fəaliyyət göstərir. Ağsuda toxunan «Bico», «Qəşəd» və «Pirhəsənli» xalçaları çox məşhurdur. Ağsu şəhərinin görməli yerləri sırasında tarixi muzeyini, bu yaxınlarda tikilmiş məscidi və s. göstərmək olar.

22.30    

 

 

4-CÜ GÜN

07.30 Səhər yeməyi
09.30

Şamaxı şəhərinə yola düşmə: Ağsu-Şamaxı (36 km) (Şamaxı şəhərində, burada yerləşən Tarix-Diyarşünaslıq Muzeyində, Cümə məscidində (VIII əsr), Gülüstan qalasında (XII əsr), Yeddi Günbəz məqbərəsində (XVIII-XIX əsrlər) ekskursiya)

Şamaxı Cümə məscidi - qədim Şamaxı şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir. Bu  məscid 1918-ci ildə ermənilər tərəfindən yandırılmışdır. Qədim məscidin planı əldə olunmamışdır. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə islamın qədim, iri həcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır.

Gülüstan Qalası - XII əsrlərə aid qaladır. Qaladan əldə edimiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə - XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir. Qala divarları və bürclər kimi saray otaqlar da yarı yonulmuş daşlardan tikilmişdir. Ancaq saray kompleksinin üst qatında yaxşı yonulmuş üzlük daşları işlədilmişdir. Otaqların örtükləri qalmasa da, onların əvvəllər Şirvan-Abşeron memarlığı üçün səciyyəvi olan daş günbəz və tağlarla örtüldüyü güman edilir.

Yeddi günbəz türbəsi - Şamaxı şəhərindən 3 km aralıda yerləşir. Yeddi günbəzdən ibarətdir. XVIII əsrin axırlarına XIX əsrin əvvəllərinə aid abidələrin əsasən xanların şəxsi ehtiyacları üçün tikdirdikləri binalardan ibarət olmuşdur. Bu qrup tikintilər sırasında Şamaxı qəbristanlığındakı “Yeddi günbəz” adlı məşhur türbələr də daxildir. Hazırda “Yeddi günbəz” türbələrindən dördü qalmışdır, qalan türbələr isə qalmamışdır. Türbələrin axırıncı Şamaxı xanı Mustafanın ailəsinə mənsub olan şəxslər üçün tikildiyi məlumdur. Türbələrdən birinin üzərində olan kitabədə onun 1810-cu ildə Mustafa xanın anası üçün tikildiyi yazılmışdır. Həmin türbənin üzərində onu tikən memarın adı da vardır. Memar özünü kitabədə “Usta Tağı memar” adlandırır. “Yeddi günbəz” türbələri ümumiyyətlə Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəklində çadırvari günbəzlə deyil, adi günbəzlə örtülmüşdür.

14.00 Nahar yeməyi
16.00 Lahıc və Basqal qəsəbələrinə yola düşmə
18.00 İsmayıllı rayonu, Qaraqaya kəndi yaxınlığında, Lahıc yolunun üstündə yerləşən Qaya hotelində yerləşmə
20.00 Şam yeməyi
22.00 Hoteldə gecələmə

 

5-Cİ GÜN

07.30 Səhər yeməyi
09.30

Lahıc qəsəbəsinə yola düşmə (Lahıc qəsəbəsində ekskursiya - sənətkarlıq istehsalının qədim mərkəzi)
Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstan- da, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd) qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

13.30 Nahar yeməyi (Lahıcda milli restoranların birində)
14.30 Basqal qəsəbəsinə yola düşmə (Basqal qəsəbəsində ekskursiya)
18.00 Bakı şəhərinə yola düşmə
20.00 Şam yeməyi
22.00 Bakıda hoteldə gecələmə

 

6-CI GÜN

07.30 Səhər yeməyi  
09.00

Hoteldən ayrılma, transfer və hava limanından yola salınma